Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bir əsrlik Cümhuriyyətimiz


Bənövşə MƏMMƏDOVA
Filologiya üzrə fəlsəfə doktoru
Bir əsrlik Cümhuriyyətimiz

Ölkə “Cümhuriyyət İli” ab-havasındadır. Ölkə başçısı İlham Əliyev tərəfindən 2018-ci ilin “Cümhuriyyət İli” elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti var.

Məlumdur ki, 1918-ci il mayın 28-də xalqımız bütün müsəlman Şərqində ilk dəfə olaraq Cümhuriyyətin qurulduğunu elan edərək demokratik dövlət qurub. İyirmi üç ay mövcud olmasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul edib. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərərək, onlar üçün nümunə olub. Ölkəmiz Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə, bütün dünya demokratiyasına böyük töhfə verdi. İşğal nəticəsində süquta uğrasa da, onun yerində Azərbaycan SSR quruldu. Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edildi. 1991-ci ildə Azərbaycan dövlətçiliyi bərpa edildi. Azərbaycan Respublikası Cümhuriyyətin varisi oldu.

Və bu o dövlətdir ki, indi qurulmasının 100 illiyini qeyd edirik. Cəmi iyirmi üç ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçilik tarixində böyük işlərin görüldüyü bu müddət həm də dövlət atributlarımızın qəbulu, ordu qurculuğu, milli pullarımızın dövriyyəyə buraxılması, Azərbaycanda ilk universitetin açılması ilə xarakterizə olunur.

Bütün bunlar isə Cümhuriyyətə intellektuallıq gətirən ziyalılarımızın adı ilə bağlıdır. Bunlar o şəxslərdir ki, adı indi də hörmətlə anılır: Avropada təhsil alan ilk həmyerlimiz Məhəmməd ağa Şahtaxtinski, üç il xaricdə təhsli alan maarifçi generalımız Yusif Talıbzadə, oxşar taleyi yaşayan Ceyhun Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, XIX əsrdə Azərbaycan maarifçilik cərəyanını inkişaf etdirən şəxslərdən biri də Sultan Məcid Qənizadə, XX əsrin ən böyük zəka sahiblərindən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, xaricdə musiqi təhsili alan ilk azərbaycanlı, dahi Üzeyir Hacıbəyli və Yusif Vəzir Çəmənzəminli...

Və bir də “Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarının müəlifi, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə... Ondan bizə qalan bir söz də var. Azərbaycan Cümhuriyyətinin fəaliyyəti haqqında söylədiyi - qulağımıza, ürəyimizə, beynimizə kimi işləyən “Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan” sözləri...


0 0



Şərhlər (Facebook)