Azərbaycan İnformasiya Agentliyi (AİA)


Milli ideal və “Hüseyn Cavid sənətinin qüdrəti”


SONA XANIM VƏLİYEVANIN MONOQRAFİYASI CAVİDŞÜNASLIĞA VƏ ÜMUMƏN ƏDƏBİYYATŞÜNASLIĞA BÖYÜK TÖHFƏ KİMİ
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin yaradıcılığı tanınmış ədəbiyyatşünaslardan akademik M.C.Cəfərov, akademik İ.Həbibbəyli, M.Əlioğlu, Ə.İbadoğlu, V.Osmanlı, professorlar K.Əliyev, T.Məmməd və Z.Əsgərlinin araşdırmalarında geniş yer alıb və bu gün də müasir ədəbiyyatşünaslığın diqqət mərkəzindədir.

Həmin tədqiqatlar içərisində M.C.Cəfərovun 1960-cı ildə nəşr olunan “Hüseyn Cavid” monoqrafiyası cavidşünaslıqda mühüm bir cığır açmış və böyük Cavidin ədəbiyyatımızdakı reabilitasiyasını şərtləndirmişdi.

H.Cavid yaradıcılığı həm klassik şeir ənənələrinin davamı, həm də mənzum dramın ilk nümunələri və faciə janrında əsərlərdən ibarət olub, Azərbaycan ədəbiyyatının özünəməxsusluğunu, koloritini, ədəbi dilin gözəlliyi və kamilliyini, Şərq ədəbi ənənələrinə sadiqliyi və eyni zamanda, dövrün fəlsəfi baxışlarına bələdliyi ilə səciyyələnir. Əsərlərində müraciət etdiyi tarixi, fəlsəfi, sosial mövzular, onların həlli və təsviri baxımından apardığı axtarışlar müəllifi məhz bəşəri miqyasda problemləri düşünən və yaradıcılığında əks etdirən sənətkarlar sırasına aid edir. Bu xüsusiyyətlər Hüseyn Cavid irsini Azərbaycan ədəbiyyatşünaslığının daim müraciət etdiyi və heç zaman aktuallığını itirməyən mövzulardan birinə çevirir.

XX əsrin sonlarından etibarən Azərbaycan ədəbiyyatşünaslığında ayrı-ayrı sənətkarların yaradıcılığının poetikasından bəhs edən elmi araşdırmalar ərsəyə gətirilmişdir ki, bunların sırasında T.Mütəllibovun “Əbdürəhim bəy Haqverdiyevin poetikası”, Z.Əsgərlinin “Azərbaycan faciəsinin poetikası”, K.Əliyevin “Hüseyn Cavidin şəxsiyyəti və poetikası”, “Azərbaycan romantizminin poetikası” və T.Məmmədin “XX əsr Azərbaycan dramaturgiyasının poetikası”nı qeyd etmək lazımdır. Milli folklorşünaslıq da A.Hacılının “Bayatı poetikası” və O.Əliyevin “Azərbaycan nağıllarının poetikası” timsalında həmin tendensiyadan qıraqda qalmayıb.

Bu kontekstdə son illər həm Hüseyn Cavid yaradıcılığının tədqiqi, həm də təbliği sahəsində diqqətəlayiq fəaliyyəti ilə seçilən Sona xanım Vəliyevanın “Hüseyn Cavid sənətinin qüdrəti” adlı monoqrafiyasının həmin tədqiqatlar silsiləsində özünəməxsus yeri vardır. Monoqrafiya müasir humanitar-filoloji fikrin aktuallıq kəsb edən bir sahəsinə həsr olunub. Əsərdə H.Cavid yaradıcılığının spesifik xüsusiyyətləri, ənənə və novatorluq məsələləri, janrlararası əlaqə problemləri araşdırılıb və kifayət qədər önəmli nəticələr əldə edilib. Məsələnin geniş aspektdə qoyulması, problemin həllində sənətkarın yaradıcılığının bir bütöv halında götürülməsi tədqiqatçıdan ciddi hazırlıq, həmçinin, mövzuya həssaslıq və bəlkə də böyük sənətkarın irsinə təəssübkeş bir münasibət tələb edir. H.Cavid şeirlərinin ideya-poetik xüsusiyyətləri, “Azər” poemasında şeir və dramaturgiyanın janrlararası əlaqəsi, faciə və dramların tədqiqində isə əfsanə və romantik metod arasındakı qarşılıqlı bağlılıq, romantik düşüncə sistemində mif və reallıq münasibətlərinin öyrənilməsi romantizmin nəzəri-estetik prinsipləri fonunda araşdırmanın mərkəzində cəmlənir.

Tədqiqatçı tarixi-müqayisəli metodu əsas götürərək, şeirdə və dramatik əsərlərdə mətnlərarası münasibəti, obrazın bədii mətnin strukturundakı mövqeyini, əfsanə, mif, dini dəyərlər və ya tarixi gerçəklərin romantik düşüncə ilə əlaqələri, obrazların xarakterik özəlliklərinin təşəkkülündə türkçülük, turançılıq ideologiyasının təsiri, həmçinin, H.Cavid yaradıcılığında boy göstərən sufi dünyagörüşünün yer almasını araşdırmanın əsas məqsəd və vəzifələri çərçivəsində önə çəkir.

Tədqiqat işində son illərin araşdırmalarında çox az təsadüf olunan təqdirəlayiq bir halla qarşılaşırıq. H.Cavid yaradıcılığı ilə yaxından-uzaqdan əlaqəsi olan monoqrafik tədqiqatların, məqalə və hətta konfrans materialların, demək olar ki, heç biri diqqətdən kənarda qalmamışdır. Sona xanım Vəliyeva H.Cavid irsini sistemli bir şəkildə öyrənərək problemin tədqiqində romantizm və poetika kontekstini, konkret bir dramın və ya faciənin araşdırılması, dahi sənətkarın yaradıcılığının dünya ədəbiyyatı və ənənələri fonunda, ədəbiyyatşünaslığın ümumi məsələləri içərisində tədqiqinin bir neçə istiqamətini müəyyənləşdirmişdir. Ümumiyyətlə, problemin qoyuluşu, obyektin və predmetin müəyyənləşməsi, metodoloji münasibətin düzgün seçimi baxımından monoqrafiya kifayət qədər müfəssəl təsir bağışlayır.

Monoqrafiyanın “Poeziyadan dramaturgiyaya” adlanan ilk hissəsi “Gözəlliyin romantikası”, “Adəmin yerə enməsi”, “Qoca türkün monoloqu”, “Romantik şeirdə dialoq”, “Monoloq və dialoqların vəhdəti: “Azər”, “Janrın imkanları” və “İki Şeyx Sənan” kimi yarımbaşlıqlara bölünür. “Azər” poemasının da monoloq və dialoqun vəhdəti prizmasından araşdırmaya daxil edilməsi və “Janrın imkanları”nın müasir ədəbiyyatşünaslığın tələbləri çərçivəsində öyrənilməsi tədqiqatın elmi-nəzəri sanbalını nümayiş etdirir. H.Cavidin ilk qələm təcrübələrindən sayılan “Bir rəsm qarşısında”, “İlk bahar”, “Yadi-mazi”, “Dəniz tamaşası” şeirlərində gözəlliyin və xüsusən də təbiət gözəlliklərinin tərənnümü, ideya-bədii dərki araşdırılır.

S.Vəliyevanın mətnə yanaşmasında özünü büruzə verən həssaslıq və səriştə ona “Yadi-mazi” şerinin dahi sənətkarın ilk qələm təcrübələrindən olmasına rəğmən, burada “romantik inikas üsulunun kifayət qədər yer tuta bilməsindən” bəhs edir və bunu konkret obrazlarda baş verən dəyişmələrlə sübuta yetirir. Monoqrafiyada şeirdə romantik düşüncənin formalaşması kimi “Hübuti-Adəm”, “Öksüz Ənvər”, “Bir qızın fəryadı, yaxud zindan guşəsindən bir səs” şeirləri təhlilə cəlb edir. Müəllif “Hübuti-Adəm”i “Cavid romantizminin cücərməkdə olan olan rüşeyimlərinin toplandığı poetik nümunə” kimi dəyərləndirir və “romantizm estetikasına aid uzaq məkanlara müraciəti” sonralar “Şeyx Sənan”, “Peyğəmbər”, “Topal Teymur” və “Xəyyam” pyeslərində də izləyir. Sanki H.Cavid şeiriyyəti müəllifin gələcək dramaturji yaradıcılığı üçün ciddi bir hazırlıq mərhələsi idi. Burada sadəcə mövzu və ya dini-mifoloji təfəkkürdən gələn obrazlar sistemi deyil, həmçinin, böyük H.Cavidin bütün yaradıcılığı boyu izlənilə bilən müəllif yaddaşı məsələsi də ön plandadır.

Tədqiqatçı qeyd edir ki, “Hübuti-Adəm” H.Cavid üçün başqa bir yolun da başlanğıcı deməkdir. O, yaranışın həqiqət mənbəyini tərənnüm edirdi... H.Cavidin sonralar qələmə aldığı “Peyğəmbər” pyesi öz başlanğıcını “Hübuti-Adəm” şerindən götürür”. Əsərdə təhlilə cəlb edilən hər üç şeirdə də lirik qəhrəmanın tənhalığı və bunun yaratdığı qəm, kədər romantizmin estetikasından qaynaqlanır ki, müəllifin də düzgün qeyd etdiyi kimi, həmin hal H.Cavid yaradıcılığının bütün sonrakı mərhələsində davam etdirilmişdir.

“Monoloq və dialoqların vəhdəti: “Azər” adlı yarımbaşlıqda monoloq və dialoqda dramaturji əlamətin öyrənilməsi, həmçinin, “Azər” poemasının bu kontekstdə araşdırılması ilə qarşılaşırıq. Şeirlə dramaturgiya arasında yaradıcılıqdaxili əlaqələrin “Azər” poeması əsasında tədqiq olunması və ümumiyyətlə, epik elementlərin lirik janrın strukturuna və ya əksinə təsir etməsindən qaynaqlanan dəyişikliklər poetik araşdırmaların diqqətində olan məsələlərdəndir. Ədəbi növlər arasında baş verən yaxınlaşma poemaya dramatik növün süjet və konflikt özəlliklərini gətirir ki, bu da poemanın strukturunda hərəkətlənməyə rəvac verir. Xüsusən də romantizmdə janrlararası əlaqə mövzu ilə deyil, məhz əsas normativlərin üslubla bağlılığı ilə izah olunur. Təsadüfi deyil ki, vaxtilə V.Belinski romantik poemanı lirika və dramatizmlə yoğrulmuş qarışıq epopeya adlandırırdı. Poemanın da strukturundakı hərəkətlilik və dəyişkənlik onun başqa janrlardakı elementləri qəbul etməsinə şərait yaradır. “Azər” poemasında monoloqların dialoqlara nisbətdə üstünlük təşkil etməsindən danışan müəllif haqlı olaraq bu nisbəti “əsərdə dramaturji elementlərin daha geniş şəkildə iştirakı ilə əlaqələndirir və “dialoqların öz struktur məzmunu ilə açıq-aydın” görünməsindən bəhs edir.

“Janrın təkamülü” adlanan yarımbaşlıqda H.Cavidin əsərlərinin janr xüsusiyyətləri, “Şeyx Sənan” qəzəli və eyniadlı mənzum dramı fərqli bir prizmadan işıqlandırılır. Sona xanım Vəliyevanın: “H.Cavid şair-filosof, dramaturq kimi də, publisist kimi də nədən yazırsa-yazsın, ilk növbədə xalqa, millətə zəruri şəkildə vacib olan məsələlərə toxunur. Bu prosesdə ədəbi janr, forma onun üçün vasitədir. Bu vasitəni effektiv bir təsir gücünə gətirə bilmək üçün o, bəzən eyni bir əsərində müxtəlif janr elementlərinin ortaq imkanlarından istifadə edir” - mülahizəsi konkret nümunələr əsasında təsdiqini tapır. “İki “Şeyx Sənan” adlı yarımbaşlıqda tədqiqatçının səsləndirdiyi “Azərbaycan ədəbiyyatı tarixində Nizamidən və Füzulidən sonra ərəb əfsanəsinin romantik metod əsasında bədii əsərə çevrilməsi Hüseyn Cavidin adı ilə bağlıdır” fikri müəllifin həm H. Cavid yaradıcılığına, həm də bütünlükdə Azərbaycan ədəbi fikrinə dərin bələdliyindən xəbər verir.

Monoqrafiyanın “Əfsan ilə romantik metod” adlı hissəsi “Əfsanə və romantik metod”, “Əfsanəvi qəhrəman: “Şeyx Sənan” faciəsi”, “Şeyx Sənan və Dərviş”, “Şeyx Sənan və Xumar” kimi yarımbaşlıqlara bölünür ki, burada aparıcı obrazların bədii mətndəki rolu araşdırılır. Bu fəsildə Şərqin qədim məhəbbət əfsanəsi “Leyli və Məcnun”un N.Gəncəvi və M.Füzuli tərəfindən qələmə alınan poemalarında əfsanənin bədii əsərə transformasiyası, “Şeyx Sənan”da əfsanə və faciənin vəhdəti, əsərdə sufizmlə bağlı elementlər, multikultural dəyərlər araşdırılır. İddiaçı əsərdəki yuxu, xəyal motivlərini və əsərin “Əlavə” hissəsində qəhrəmanların uçuşu səhnəsini “əfsanə və romantik metodun vəhdətini təmin edən əsas amil kimi” izah edir. “Əfsanəvi qəhrəman: - Şeyx Sənan” hissəsində N.Gəncəvi və M.Füzulinin “Leyli və Məcnun” poemalarındakı obrazlar arasındakı fərqli və oxşar məqamlara aydınlıq gətirilir. İddiaçının “H.Cavidin Şeyx Sənanı öz romantik əhvali-ruhiyyəsi ilə Nizaminin və Füzulinin yaratdığı Məcnuna oxşayır, amma Məcnun deyil. Xüsusilə, Şeyx Sənanın simasında məhəbbət və dinin qarşılaşması onu öz sələflərindən ciddi şəkildə ayırır” fikri məlum mətnə yeni yanaşma kimi diqqət çəkir.

Müəllifin əfsanəvi mövzunun ədəbiyyata gətirilməsini milli yaddaşa, xalq ruhuna üz tutulması və XX əsrin əvvəllərində ədəbiyyata yeni ab-havaya gətirilməsi fikri də diqqəti çəkir. Monoqrafiyada Şeyx Sənanla dərviş obrazı sufizmin təcəssümü kimi təqdim edilir. Seyx Sənanla dərviş obrazları arasında paralellik aparan müəllifin mülahizələri bədii mətnin içərisindəki gizli və alt qatda cəmləşən məqamlara da aydınlıq gətirir. Dərvişin Şeyx Sənanla kəsişməyən, ayrılan yolları birincinin həqiqətə vardığını, ikincinin isə həqiqət axtarışında olması ilə izah etmək mümkündür.

Professor T.Məmməd neosufizm mərhələsinin başlanğıcına aid etdiyi H.Cavid yaradıcılığını və xüsusən də “Şeyx Sənan” əsərində dərvişin özünü tanıtmasını belə şərh edir: “Dərvişin cavabının hər bir misrası sırf təsəvvüfi anlam daşıyır. Təsəvvüfdə divanəlik ilahi eşqə düşmə, pərvanənin özünü nura doğru atıb, nurda varlığını yox etmək mənasındadır. Dərviş də vaxtilə Sənanın keçdiyi məqamları keçmişdir”. Bu qarşılaşmada həm Dərvişin, həm də Şeyx Sənanın birləşdiyi nöqtə həqiqət mərtəbəsidir. Həqiqətə gedən yolda Dərvişin keçdiyi mərhələləri birər-birər yaşayan Şeyx Sənan daxilindəki ikiləşmədən xilas olmaq üçün ondan gizlin tutduğu əsrarları açmasını diləyir. Dərvişin ona göstərdiyi yol İlahi varlığa, O-nun sonsuzluğuna bürünüb, Onda yox olmaqdan keçir, bu yoldan caymaq, başqa xülyalara dalmaq mübah deyil.

Nədir yalnızlıq?! Anlarsın, düşünsən.

Bu rəmzi get də sor, Allahdan öğrən! - deyən Dərvişin Şeyx Sənanla növbəti görüşü əsərin dördüncü pərdəsində baş verir ki, tədqiqatçı bu məqamı haqlı olaraq belə şərh edir: “Şeyx Sənan yeni qiyafədədir və deməli, zahirən dəyişmiş, ikincisi, ətrafında şeyxlər və xocalar yoxdur... Şeyx Sənan tamamilə yeni bir statusdadır”. Şeyx Sənandakı bu fərqli dəyişimi Dərviş onun həqiqət aləminə yolçuluğu ilə izah edir. Bu məqamda Sənan Məcnunla eyni mərtəbəyə yüksəlir ki, burada S.Vəliyevanın Nizaminin və Füzulinin yaratdığı Məcnun obrazlarına münasibəti və dəyərləndirməsinin məqsədi, məramı özünü aydın büruzə verir.

Monoqrafiyanın “Mif və reallıq” adlanan hissəsində “İblis” faciəsi, “Uçurum” pyesi, “Şeyda” və “Knyaz” əsərləri tədqiq edilir. Bu fəsildə “H.Cavidin İblis obrazı istər Avropa, istər ərəb ədəbiyyatında, istərsə də dünyanın digər xalqlarının ədəbiyyatında, hətta mifoloji düşüncədə olan iblisdən tamamilə fərqlənir” - deyən Sona xanım Vəliyeva mif və reallığın toqquşmasında cəbərut aləminə yüksəlib, sonra oradan enən Arif obrazını da “Arif idealla real arasında qalan obrazdır. Bu, onun romantik qəhrəman kimi formalaşmasının da əsasıdır” şəklində dəyərləndirir. Müəllif Arif - İblis qarşıdurmasını əks etdirən bütün məqamları eyni müstəviyə gətirir, Arifi və İblisi öz sözləri ilə addım-addım açır, kimliyini, məramını yeni baxış bucağından dəyərləndirir.

“Həyatda və mənəviyyatda uçurum” adlanan hissədə H.Cavid yaradıcılığında önəmli yeri olan müəllif yaddaşı məsələsinə toxunan tədqiqatçı yazır: “H.Cavid və ədəbi irsinin poetika sistemi mükəmməl bir bədii sistemdir və onu təmin edən amillər - obraz da, süjet də, hətta ayrıca götürülmüş hər hansı ifadə də bir-biri ilə əlaqəli şəkildə həmin mükəmməlliyə xidmət göstərir”. “Uçurum” pyesinin yazıldığı tarixi situasiyanı, Azərbaycanda milli məfkurənin formalaşması və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərtləndirən amilləri nəzərə alan S.Vəliyeva H.Cavid yaradıcılığında bütünləşən Milli İdeal məsələsinə ciddi önəm verir: “H.Cavidin qələmə aldığı əsərlər milli-əxlaqi problemlərin qorunmasından başlayaraq min il sonra da istər milli-türkçülük, istərsə də bəşəri dəyərlərin təbliği və inkişafı baxımından aktual olaraq qalacaqdır”.

Kitabın “Peyğəmbər və əxlaqi dəyərlər” adlı hissəsində “Müqəddəs qəhrəman: “Peyğəmbər” və “Peyğəmbərin Tanrı eşqi”, “Peyğəmbər və Şəmsa” kimi yarımbaşlıqlara ayrılır. Burada müəllifin: “Peyğəmbər” pyesi sübut etdi ki, H.Cavid romantizm cərəyanının tələblərindən qat-qat üstün dəyərləri əks etdirən bir sənətkardır və H.Cavid yaradıcılığı yeni fəlsəfi düşüncələrin ifadəsidir” qənaəti böyük şair və dramaturqun Şərq mədəniyyəti və ədəbiyyatı ənənələrinə bağlılığı və zamana qarşı dayanıqlığının formulunun milli və mənəvi dəyərlərə söykənməsini təsdiq edir, həmçinin, Peyğəmbər və Şəmsa obrazlarını toqquşan ideyalar zəminində tədqiq edir. Bu hissədə Səlma, Maral, Afət obrazlarını, humanist, faciə və romantik qəhrəman tiplərini araşdıran S.Vəliyeva ciddi elmi-nəzəri nəticələr əldə edir.

Monoqrafiyanın “Tarixi və həqiqət” adlanan son hissəsində H.Cavidin “Topal Teymur”, “Səyavuş”, “Xəyyam” əsərləri araşdırmaya cəlb edilir ki, burada da problemin qoyuluşu və həlli araşdırıcının kifayət qədər səriştəli olmağından xəbər verir. “Topal Teymur”, “Səyavuş” və “ Xəyyam” əsərlərinin nümunəsində H.Cavid yaradıcılığında tarixi gerçəkliklə romantik bədii həqiqət əlaqəsinin reallaşmasından bəhs edən tədqiqatçı eyni zamanda H.Cavidi tam haqlı olaraq Nizaminin və Füzulinin “ideya müasiri” kimi dəyərləndirir. Bu fəsildə Əmir Teymur hökmdar, Səyavuş sərkərdə qəhrəman kimi araşdırılır. “Tarixi mövzu və sənətkar obrazı” adlı yarımbaşlıqda H. Cavidin “Xəyyam” dramı nəzəri təhlilə cəlb edilir.

Mədəniyyətin zənginliyi və milli mənəvi köklərə, bütövlükdə ənənəyə bağlılıq böyük şəxsiyyətlərin yetişməsində aparıcı xətlərdəndir. Milli ideala xidmət edən şəxsiyyətlər də yaşadıqları zamanı dərk etməkdə və bunu milyonlara çatdırmaqda, eyni zamanda, tarixin fəlsəfəsini anlamaqda müasirlərinə və gələcək nəsillərə yol göstərməyə qadirdirlər. Qüdrətli şəxsiyyəti və misilsiz yaradıcılığı ilə seçilən Hüseyn Cavidin ədəbiyyatımızda və mədəniyyətimizdəki önəmli yerini dəfələrlə vurğulayan, millətin təşkilinə nail olmaqla tarixin ən təlatümlü zamanlarında xalqı səfərbər edən, yüksək ideyalarla varlığında cəmiyyətin amalı və qayəsini əks etdirən Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi qətiyyətli, xalqın rifahı və dövlətçiliyimizin çiçəklənməsi naminə yorulmadan fəaliyyət göstərən, tarix və xalq qarşısında cavabdehlik duyğusu daşıyan siyasi lider kimi hər zaman müasirlərinə və gələcək nəsillərə böyük bir duyğu aşıladı: xalqa və onun milli-mənəvi sərvətlərinə münasibətdə TƏƏSSÜBKEŞLİK. Sona xanım Vəliyevanın bu duyğularla yaşamış və yaratmış Cavid əfəndi kimi nəhəng bir sənətkarın yaradıcılığının öyrənilməsi istiqamətində “Hüseyn Cavid sənətinin qüdrəti” monoqrafiyası cavidşünaslığa və ümumən Azərbaycan ədəbiyyatşünaslığına böyük töhfədir.

Pərvanə BƏKİRQIZI
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru



0 0



Şərhlər (Facebook)